“Nizami” Operasının Müasir Formatda Təqdimatı
2021-ci ilin Prezident tərəfindən “Nizami ili” elan olunması münasibətilə, 21 dekabr 2021-ci il tarixində BEAT Group şirkətinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında xüsusi tədbir keçirilmişdir. Tədbir çərçivəsində bəstəkar Əfrasiyab Bədəlbəylinin “Nizami” operası yeni və müasir formatda qapalı nümayiş etdirilmişdir.
“Nizami” operası ilk dəfə 1948-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuş, şair Nizami Gəncəvinin həyatına həsr olunmuşdur. Əsər Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında yazılıb, 5 pərdə və 6 şəkildən ibarətdir. Operada xalqsevər və nəcib şəxs kimi təsvir edilən Nizami Gəncəvinin hakimiyyət hərislərinə qarşı mübarizəsi təsvir edilir. Əsər opera sənətimizdə xor səhnələrinin geniş istifadəsi və zəngin məzmunu ilə mühüm yer tutur.







